Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilib. Tura mərkəzi oyunla start verilib. "Borussia Dortmund" doğma "Siqnal İduna Park" stadionunda çempionatın lideri "Bavariya"nı qəbul edib. Dortmund təmsilçisində zədə səbəbiylə Roys görüşü buraxmaq məcburiyyətində qalmışdı. Qonaq komandada isə Tyaqo, Kautinyo, Züle və Tolisso eyni səbəblə görüşü buraxmalı olmuşdular. İlk hissədə rəqibindən daha yaxşı təsir bağışlayan "Bavariya" 43-cü dəqiqədə Kimmix'in vurduğu mükəmməl qol sayəsində səfərdə hesabda önə keçib. İkinci hissədə hər iki tərəf bir neçə dəfə qol vurmağa yaxın olsalar da hesab dəyişməyib. Minimal hesabla qələbə qazanan "Bavariya" xallarının sayını 64-ə çatdıraraq yarış cədvəlindəki mövqelərini daha da möhkəmlədiblər. "Borussia Dortmund"u qarabaqara izləyən "Leypziq" komandası da turu xal itkisi ilə başa vurub. Koronavirus pandemiyasından sonra uğurlu nəticələr əldə edən paytaxt klubu "Herta" səfərdə güclü rəqibi ilə 2:2 bərabərə qalıb. Bremen'də keçirilən "Verder" - "Borussia Münhenqladbax" matçında qol səsi çıxmayıb. "Auqsburq" - "Paderborn" görüşü də eyni hesabla qolsuz bərabərliklə sonuclanıb. Ötən tur çətin "Münhenqladbax" səfərindən 3 xalla qayıdan "Bayer" gözlənilmədən evində "Volfsburq"a böyük hesabla məğlub olub 1:4. "Ayntraxt" - "Frayburq" oyunu məhsuldar heç-heçə ilə yekunlaşıb 3:3. Meydan sahiblərindən Andre Silva, Kamada və Çandler adlarını tabloya yazdıran futbolçular olub. Qonaq komandanın heyətində isə Grifo, Petersen və Holer fərqlənib. Pandemiyadan sonra ardıcıl iki görüşdə məğlub olan "Şalke" bu turu da xalsız başa vurub. "Fortuna Düsseldorf" komandasının qonağı olan Helzenkirhen təmsilçisi 1:2 hesabı ilə uduzub. "Union Berlin" - "Mayntz" matçında qalib müəyyən olunmayıb. Qarşılıqlı qolların vurulduğu görüş 1:1 hesabı ilə başa çatıb. Dörd qolun vurulduğu "Hoffenhaym" - "Köln" görüşündə meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.
Borussia Dortmund - Bavariya 0:1
Auqsburq - Paderborn 0:0
Verder - Borussia Münhenqladbax 0:0
Fortuna Düsseldorf - Şalke 2:1
Leypziq - Herta 2:2
Ayntraxt - Frayburq 3:3
Union Berlin - Mayntz 1:1
Bayer - Volfsburq 1:4
Hoffenhaym - Köln 3:1
Pərvin Bayramov.