Millimizin voleybolçusu Dmitriy Baranov saytımıza müsahibə verib

06 aprel 2020 - 16:22

Voleybolçu karyerasını ölkə xaricində davam etdirən millimizin üzvü Dmitriy Baranov Saytımıza müsahibə verib.

Müxbir: Voleybola marağınız necə yaranıb?

Dmitriy Baranov: Voleybola olan sevgim 13 yaşında ilk məşqdən sonra ortaya çıxıb. Məktəb səviyyəsində qalib gəlməyə başlayan kimi, hələ də ünsiyyətdə olduğum ilk məşqçim voleybola bu sevgini mənə aşılayıb.

Müxbir: Professional olaraq neçə yaşından voleybolla məşğul olursuz?

Dmitriy Baranov: Professional olaraq 15 yaşında Rusiyanın "Lokomotiv Novosibirsk" komandası ilə müqavilə imzalamışam.

Müxbir: Uşaqlıqda hansı voleybolçunun oyununa baxıb ondan ilham almısınız?

Dmitriy Baranov: Uşaq olduğum müddətdə Yuri Berejko'nun oyununu çox bəyənirdim, onun kimi olmaq istədim, amma zaman keçdikcə Amerikalı voleybolçu Deyvid Li və Braziliyalı Sidao Dos Santos'un oyununu izləməyə başladım.

Müxbir: Boş vaxtınızda nə ilə məşğul olursunuz?

Dmitriy Baranov: Məşqlər çox vaxt aparır və həftəsonu çalışdığımda gəzmək, kitab oxumaq və film izləməklə məşğul oluram. Bu ana gəldikdə, virus səbəbiylə ailəmin yanındayam və eyni zamanda "Unicaja Costa De Almeria" komandamızın bədən tərbiyəsi üzrə məşqçisinin göndərdiyi idman proqramı ilə məşğulam. 

Müxbir: Hazırda çıxış etdiyiniz komanda barədə danışın?

Dmitriy Baranov: Mənim komandam İspaniya çempionatında ən güclülərdən biri və İspaniyanın ən titullu klubu hesab olunur, komandamızda 12 oyunçu var, onlardan 6-sı müxtəlif ölkələrin oyunçularıdır. Komandaya illərdir klubu idarə edən çox təcrübəli məşqçi Manolo Berenguel rəhbərlik edir. Bu il də "Challenge Cup"da oynadıq və 1/16 final mərhələsinə çatdıq, təəssüf ki, bu mərhələdə Estoniya'nın komandasına məğlub olduq.

Müxbir: "Unicasa Costa De Almeria" komandası ilə müqaviləniz neçə il müddətinə nəzərdə tutulub?

Dmitriy Baranov: Avropada demək olar ki bir çox voleybolçu ilə 1 illik müqavilə imzalanır. Buna görə məndə klubla 1 illik müqaviləyə imza atmışam.

Müxbir: Millimizin heyətində keçirdiyiniz ən unudulmaz oyunu barədə istərdim danışasız?

Dmitriy Baranov: Mənim üçün ən yadda qalan oyun "Əlcəzair" millisinə qarşı İslam Oyunlarında olduğunu deyə bilərəm. Bu görüşü 3:1 hesabı ilə öz xeyrimizə başa vurduq və "İran" seçməsi ilə final oyununa çıxdıq. 

Müxbir: Voleybolçu karyeranızı başa vurduqdan sonra məşqçi olmağı planlaşdırırsız?

Dmitriy Baranov: Hələ heç bir qərara gəlməmişəm, bu böyük məsuliyyətdir. Məşqçi olaraq çalışmaq asan deyil, bu həm özün həmdə digər insanlarla çox çalışmaq deməkdir. Mən hələki voleybol oynayıram və ümid edirəm ki, 12-15 il ərzində yüksək səviyyədə oynayacağam və öz oyunumla hər kəsi məmnun edərəm.

Bizdə öz növbəmizdə saytımıza müsahibə verən millimizin aparıcı voleybolçularından olan Dmitriy Baranov'a öz dərin təşəkkürümüzü bildiririk ona gələcək karyerasında uğurlar arzulayırıq.

PƏRVİN BAYRAMOV.


 

 

 

 

  • 06 aprel 16:22
  • 679

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search