Misli Premyer Liqada 13-cü turun qarşılaşmalarına yekun vurulub. Turun açılış matçı "Dalğa Arena"da "Araz-Naxçıvan" və ""Kəpəz" komandaları arasında keçirilib. Ötən tur son çempion "Qarabağ"a böyük hesabla məğlub olan "Kəpəz"in səfərdə Azər Bağırov'un komandasına qarşı oyunda xal alacağı inandırıcı görünməsə də gözlənilmədən Gəncə təmsilçisi meydandan minimal hesablı qələbə ilə ayrılıb.
Qeyri-sabit çıxışı ilə diqqət çəkən "Neftçi" evində "Sumqayıt"ı qəbul edib. İlk hissədə nisbi üstünlüyə malik olan meydan sahibləri 35-ci dəqiqədə Ataa Caber'in qoluyla hesabda önə keçib. Fasilədən sonra təşəbbüsü ələ alan qonaqlar 56-cı dəqiqədə yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə status-kvonu bərpa ediblər. Görüşün 69-cu dəqiqəsində sol cinahdan ötürməni dəqiq baş zərbəsi endirən Roy Kehat "Sumqayıt"ı hesabda önə çıxarıb. Matçın qalan dəqiqələrində Adrian Mutu'nun komandasının cəhdləri heç bir səmərə verməyincə qonaqlar meydandan 3 xalla ayrılıblar. Bu qələbədən sonra Samir Abasov'un komandası xallarının sayını 21-ə çatdıraraq yarış cədvəlində 3-cü pilləyə yüksəliblər.
İlk dövrədə "Turan Tovuz"a 0:3 hesabı ilə uduzan "Sabah" səfərdə rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Oyunun qəhrəmanı isə qonaq komandanın gürcü hücumçusu het-trik edən David Volkov olub.
Keçən tur "Sabah"ı qonaq meydanda minimal hesabla məğlub edən "Zirə" evində "Qəbələ"ni qəbul edib. Bu görüşün taleyini 1 qol həll edib. Oyunun 65-ci dəqiqəsində "Qartallar"ın kapitanı Qismət Alıyev hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına vacib 3 xalı qazandırıb.
"Zirə"ni qarabaqara təqib edən "Qarabağ"da turu qələbə ilə başa vurub. "Səbail"i qəbul edən "Köhlən Atlar" rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeydə alınan nəticələrdən sonra "Zirə" 27 xalla liderliyini davam etdirir. Aktivində 26 xalı olan son çempion "Qarabağ" 26 xalla ikinci mövqedə qərarlaşıb. Hərəyə 21 xal yığan "Sumqayıt" və "Səbail" müvafiq olaraq üçüncü və dördüncü mövqedədilər. "Araz-Naxçıvan" 20 xalla beşincidir. 13 oyuna cəmi 18 xal toplayan "Neftçi" altıncıdır. "Sabah" 16 xalla yeddinci sıradadır. Ayxan Abbasov'un "Turan Tovuz"u 15 xal yığaraq hazırda səkkinci yerdədir. "Araz-Naxçıvan" üzərində sürpriz qələbə "Kəpəz"in turnir cədvəlində bir pillə irəliləməsinə səbəb olub. Keçirdiyi 13 görüşdən sonra 8 xal yığmağı bacaran "Qəbələ" turnir cədvəlinin son pilləsində qərarlaşıb.